27 Sentyabr – Anım Günündə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin inzibati binasında rəhbər və şəxsi heyətin iştirakı ilə tədbir keçirilib.
Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı bildirilib ki, Ermənistanın Azərbaycana qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, ordumuzun işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinə başladığı gündən 3 il ötür. Qeyd olunub ki, Vətən müharibəsində Azərbaycan xalqı sözün həqiqi mənasında birlik nümayiş etdirərək böyük zəfərə nail oldu. 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. Azərbaycan xalqı və dövləti Vətən uğrunda şəhid olan qəhrəman övladlarının işıqlı xatirəsini əziz tutur, onları daim xüsusi ehtiramla yad edir, qazilərin əməyini yüksək qiymətləndirir və onlarla qürur duyur. Əsl rəşadət və qorxmazlıq nümunəsi olan oğullarımızın vətənə məhəbbəti və qüsursuz xidmətləri xalqımız və dövlətimiz tərəfindən heç zaman unudulmayacaq. Onlar bizim qəlbimizdə əbədi yaşayacaq.
Sonda Vətən müharibəsindən bəhs edən sənədli filmə baxış olub.
Qeyd edək ki, saat 12:00-da Naxçıvan Muxtar Respublikasının bütün ərazisində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, nəqliyyatın hərəkəti dayandırılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin şəxsi heyəti də bu sükuta qoşulub.
Allah şəhidlərimizə rəhmət eləsin!