Babək rayonunda medalların təqdimatı olub

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsində də medalların təqdimatı olub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli Sərancamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuş 3 hərbi qulluqçuya medallar təqdim olunub.

Əvvəlcə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin rəisi Hafis Nəcəfov çıxış edərək tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, söhbət açıb, təltif edilən hərbi qulluqçuları təbrik edərək şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb. İdarə rəisi şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu diqqətə çatdırıb.

Daha sonra baş leytenant Tarverdiyev Abbasəli Vüqar oğluna, əsgər Tağızadə Yusif Sərvər oğluna, Vəliyev Salman Muxtar oğluna  medallar təqdim olunub.

Sonda qazilər dövlətimizin diqqət və qayğısından razılıqlarını dilə gətiriblər.