Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsinin əməkdaşları tərəfindən Novruz bayramı münasibəti ilə şəhid ailələrinə sovqat aparılıb. Sadıqlı Məmmədhəsən Meydan oğlu və şəhid Gözəlov Rüfət Əzim oğlunun ailələri ilə görüş keçirilmiş onlara Novruz bayramı sovqatı təqdim edilmişdir.
Sadıqlı Məmmədhəsən Meydan oğlunun atası Sadıqlı Meydan oğlunun uşaqlıq illəri və döyüş yolu barədə geniş məlumat verərək bildirmişdir ki , Məmmədhəsənin uşaqlıq illərindən hərbiyə olan marağı onu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qədər apardı və Azərbaycan Respublikasının zabitləri sırasına qoşuldu. Vətən müharibəsi başladığı gündən ön xəttə yollanmış, tabeçiliyində olan şəxsi heyətlə birlikdə fəxrlə döyüşlərdə iştirak etmiş və 27 oktyabr 2020-ci ildə Xocəvənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi ərazisində döyüş tapşırığını yerinə yetirərkən qəhramancasına şəhid olmuşdur. O, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şöbə rəisi mayor Nüsrət Vəliyev qeyd etmişdir ki , 44 günlük Vətən müharibəsi ərzində bir daha hamı xalq-ordu birliyinin şahidi olmuş, xalqımız orduya olan maddi və mənəvi dəstəyini əsirgəməmişdir. Torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Cənab Ali Baş Komandan İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri cənab Vasif Talıbovun müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Daha sonra şöbənin əməkdaşları şəhid Gözəlov Rüfət Əzim oğlunun ailəsinin qonağı olmuşdur. Şəhidin anası Gözəlova Ruhəngiz bildirmişdir ki, Rüfət uşaqlıq illərindən hərbiçi olmaq arzusu idi. Bunun nəticəsində o həqiqi hərbi xidməti başa vurduqdan sonra, Azərbaycan Respublikası Silahlı Qüvvələrində Müddətdən artiq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmətini davam etdirmişdir.
Vətən müharibəsi başlandığı gündən döyüşlərə qatılmış və 25.10.2020 – ci il tarixdə şəhadətə ucalmışdır. Gözəlov Rüfət Əzim oğlu şəhadətindən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, medalları ilə təltif edilmişdir. Şöbə rəisi mayor Nüsrət Vəliyev göstərilən qonaqpərvərliyə görə minnətdarlıq bildirmiş şəhidlər və şəhid ailələrinin heç zaman unudulmayacağı üzərlərində daima dövlətimizin diqqət və qayğısının olacağını bildirmişdir.