Müstəqil ölkəmizin qurucusu Heydər Əliyevin müstəsna xidmətləri nəticəsində Azərbaycanda ordu quruculuğu prosesi çox sürətlə aparılaraq, qısa müddət ərzində nizami ordunun yaranması mümkün olmuşdur. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşmışdır. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli lider Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini daha da artırır. Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı modern ordusunun olması ilə də diqqəti cəlb edir.
Ulu öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur.
Ölkə Prezidentinin ordu quruculuğu islahatlarının tərkib hissəsi olaraq 2012-ci ilin 13 fevral tarixli fərmanı ilə yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
10 illik fəaliyyəti dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində istər idarəetmə mexanizminin təkmilləşdirilməsi, istər qanunvericilik, istərsə də onun tətbiqi ilə bağlı bir çox işlər həyata keçirilib, çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması istiqamətində zəruri addımlar atılıb .
Bu gün Silahlı Qüvvələrlə cəmiyyət arasında münasibətlərin tənzimlənməsində, ordu bölmələri üçün müxtəlif ixtisaslar üzrə çağırışçıların hazırlanmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mühüm rolu var. Müstəqil Azərbaycan dövlətinin və ordumuzun quruculuğunda müstəsna xidmətləri olan bu qurumun 44 günlük Vətən Müharibəsində çevik və peşəkar fəaliyyəti özünü aydın şəkildə göstərdi. Səfərbərlik Xidmətinin fəaliyyəti nəticəsində minlərlə könüllü Vətən Müharibəsində iştirak üçün sistemli şəkildə ordu sıralarına cəlb edildi. Bu amil Qələbədə sözsüz ki, mühüm rol oynadı və hazırda da öz əhəmiyyətini qoruyub saxlayır.
Bu əlamətdar gün münasibətilə Xidmətin əməkdaşlarını təbrik edir və gələcək fəaliyyətlərində yeni-yeni müvəffəqiyyətlər arzulayırıq!