Çağırışaqədərki hazırlıq uğurla həyata keçirilir

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb edilməsi məqsədilə,  17 yaşına çatmış çağırışçılar sırasından sürücülük peşəsinə yiyələnmək arzusunda olanlar müəyyən edilərək müvafiq sənədləri hazırlanmış və hərbi-həkim komissiyaları tərəfindən tibbi yoxlanışlardan keçirilmişdir. Namizədlər bu gün Naxçıvan, Şərur və Ordubad Texniki Peşə və Sürücülük Məktəblərinə təhvil verilmişdir.

Qeyd edək ki, Texniki Peşə və Sürücülük Məktəblərində sürücü ixtisasına yiyələnəcək çağırışçıların təlim və tədris prosesləri may ayında başa çatacaq.

Kurs müddəti başa çatdıqdan sonra müdavimlər müvafiq imtahanlardan keçərək sertifikatla təmin olunacaq və növbəti çağırışlarda sürücü ixtisaslı mütəxəssis olaraq hərbi xidmətə yola salınacaqlar.