Çağırışçı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hazırlığı davam etdirilir

Silahlı Qüvvələrin bilikli və peşəkar hərbi mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə və şöbələrində qeydiyyatda olan çağırışçılar arasından seçilmiş namizədlər Naxçıvan, Şərur və Ordubad Texniki Peşə və Sürücülük Məktəblərinə təhvil verilmişdir. Çağırışçıların sürücü ixtisaslarına yiyələnməsi üçün başlanılan tədris prosesi noyabrın sonunadək davam etdiriləcək.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə və şöbələri tərəfindən 15 yaşı tamam olmuş kişi cinsli vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən onların hərbi mütəxəssis hazırlığı kurslarına göndərilməsi və xüsusi hərbi ixtisaslar üzrə hazırlanması məqsədilə çağırışçılarla fərdi söhbətlər aparılır və sürücü hərbi ixtisasına yiyələnmək arzusunda olan çağırışçılar tibbi komissiyadan keçirilərək hərbi xidmətə yararlılığı təyin olunduqdan sonra təhsil müəssisələrinə göndərilir. Texniki Peşə və Sürücülük Məktəblərində tədris müdavimlərə hərbi-vətənpərvərlik ruhunun aşılanması istiqamətində təşkil edilir. Sürücülük kursunu müvəffəqiyyətlə bitirən çağırışçılar müvafiq imtahanlardan keçdikdən sonra sertifikat və “BC” kateqoriyalı sürücülük vəsiqəsinə yiyələnərək müddətli həqiqi hərbi xidmətə göndərilir.