Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində çağırışçıların həqiqi hərbi xidmətə yola salınması ilə əlaqədar tədbir keçirilmişdir.
İlk öncə Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə çıxış edənlər çağırışçılara öz tövsiyə və arzularını çatdırmışdır. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi polkovnik-leytenant Anar Aqilov çıxış edərək Azərbaycan Respublikasının Ordu quruculuğundan, Ordumuzun 44 günlük vətən müharibəsində qazandığı tarixi zəfərdən, vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib. Hərbi xidmətə yola düşmələri münasibətilə çağırışçılara təbriklərini çatdıran idarə rəisi onlara şərəflə xidmət etmələrini, nizam-intizamlı olmalarını, vətənimizin keşiyində ayıq-sayıq dayanmalarını, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələrini tövsiyə edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə yekunlaşıb.