Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb

Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il fevralın 18-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsində müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçıların yola  salınma mərasimi keçirilib. Əvvəlcə dövlət himni səsləndirilib. Daha sonra çıxış edənlər Azərbaycan Respublikasının Ordu sıralarına daxil olan gənc çağırışçılara Vətən borcunu layiqincə yerinə yetirməyi tövsiyyə edib, bu yolda hər birinə uğurlar arzu ediblər.

Çağırışçıların yola salınma mərasimində iştirak edən vətən müharibəsi qazisi Mirkənan Kərimov vətən müharibəsindən bəhs edərək gənclərə qəhrəman qardaşlarının yolundan getməyi, vətən torpağını göz bəbəyi kimi qorumağı tövsiyyə edib.

Daha sonra gənclər alqışlarla yola salınıb.

 Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələri tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması aprelin 30-dək davam edəcək.