“Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisasının tələbələri ilə praktiki məşğələ keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyun 2021-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hamiliyə verilən Naxçıvan Dövlət Universitetinin Pedaqoji Fakültəsinin “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisasının bir qrup tələbələri ilə məşğələ keçirilib.

Əvvəlcə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış və çağırışqabağı hazırlıq şöbəsinin rəisi polkovnik-leytenant Vüsal Əliyev məşğələnin mahiyyəti barədə məlumat vermişdir.

Əlahiddə Ümumqoşun Ordunun N saylı hərbi hissəsinin Təlim-Tədris Mərkəzində keçirilən praktiki məşğələnin planına əsasən tələbələr müxtəlif təyinatlı texnika və silahlarla tanış olub, eyni zamanda müxtəlif növ silahların natamam sökülməsi, natamam sökülmədən sonra yığılmasını və taktiki-texniki xüsusiyyətlərini öyrənib, Təlim-Tədris Mərkəzində quraşdırılmış xüsusi proqram təminatlı kompüterlərdə və müxtəlif məşq qurğularında döyüş tapşırığının icrası, virtual təlim meydanında döyüş texnikalarının idarə olunması, real atışların həyata keçirilmə prosesi və atışın diaqnostik qiymətləndirilməsi ilə əyani şəkildə tanış olublar.

Sonda Əlahiddə Ümumqoşun Ordunun və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabitləri tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb.