Gənclər qazilərimizlə görüşüb

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi qaziləri ilə gənclərin görüşü  baş tutub.

Naxçıvan şəhəri “Milli Yeməklər” də baş tutan görüşdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş zabiti Nurlan Məhərrəmov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun torpaqlarımızı mənfur düşmənlərdən azad edərək xalqımıza qazandırdığı qələbənin hər birimizə başucalığı və qürur gətirdiyini bildirib. Tarixi qələbədən sonra tez-tez təşkil olunan belə görüşlərin həm də yeniyetmə və gənclərin milli mənəvi, hərbi vətənpərvərlik ruhunun yüksəlməsində, onların Vətənə, xalqa, dövlətə layiqli vətəndaş kimi formalaşmasında böyük əhəmiyyəti olduğunu qeyd edib.

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun əməkdaşı Sübhan Rəhimli çıxışında Vətən müharibəsində yüksək şücaət və qəhrəmanlıq nümayiş etdirən hər bir Azərbaycan övladının torpaq sevgisinin gənc nəsil üçün nümunə olduğunu bildirib.

Görüşdə iştirak edən qazilərimiz yurd həsrətinin sona çatmasında, tarixi qələbənin qazanılmasında onların da pay sahibi olmasının əvəzsiz duyğu olduğunu dilə gətiriblər. Gənclər döyüş xatirələrindən danışan qazilərimizi böyük maraqla dinləyib öz suallarını ünvanlayıblar. Səmimi söhbət zamanı qazilər gənclərə vətənpərvərliklə bağlı tövsiyələrini veriblər.

Daha sonra Vətən müharibəsi iştirakçılarına Təşəkkürnamə təqdim olunub. Qazilər onlara göstərilən sevgi və diqqətə görə minnətdarlıq ediblər.

Görüş zamanı bu il aprel ayının 11-də Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında keçirilən “Qalib Azərbaycan, Azad Qarabağ” adlı inşa yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

Sonda xatirə fotosu çəkilib.