Gənclərin muzeylərə ekskursiyası təşkil olunub

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə  bir qrup gəncin Döyüş Şöhrəti Muzeyinə və Cəmşid Naxçıvanski Muzeyinə ekskursiyası təşkil edilib. Ekskursiyanın məqsədi gənc nəslin vətənpərvərlik duyğularının yüksəldilməsi və onlara milli-mənəvi dəyərlərimizə sadiqlik ruhunun aşılanması olmuşdur.

Gənclər əvvəlcə Döyüş Şöhrəti Muzeyində olublar. Burada onları Əlahiddə Ümumqoşun Ordunun zabitləri qarşılayıb və muzeyi gəzdirərək hər bir eksponat haqqında dolğun məlumat veriblər. Qeyd olunub ki, bu muzey profilinə görə 2017-ci ildə muxtar respublikada yaradılan ilk və unikal muzeylərdən biridir. Burada müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilən müxtəlif adlarda silah, top, minaatanlar, hava hücumundan müdafiə üzrə döyüş maşınları, zenit raket qurğuları, döyüş-nəqliyyat vertolyotu, tanklar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur.

Gənclər üçün maraqlı məqamlardan biri də Əlahiddə Ümumqoşun Ordunun zabiti, Vətən müharibəsi iştirakçısı mayor Sabir Nəsirovla tanışlıq olub. Onlar həm qəhrəmanımızın 44 günlük Zəfər savaşımızdakı xatirələrini öyrənib həm də vətənpərvərliklə bağlı tövsiyyələrinə qulaq asıblar.

Gənclər muzeydə nümayiş etdirilən, müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilən texnikalarla daha yaxından tanış olduqdan sonra onları maraqlandıran suallara cavab alıblar.

Gənclərin növbəti ziyarəti isə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri  Cəmşid Naxçıvanskinin Naxçıvan şəhərində fəaliyyət göstərən ev muzeyinə olub.

Muzeyin bələdçisi gənclərə muzey haqqında məlumat verib. Qeyd olunub ki, Cəmşid Naxçıvanskinin adının əbədiləşdirilməsi və muzeyinin yaradılması ideyası ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Cəmşid Naxçıvanskinin ev muzeyi 2019-cu ildə yenidən qurularaq istifadəyə verilib. Muzeyin ekspozisiya zalları ilə tanış olan gənclər sərkərdənin həyat və fəaliyyətini əks etdirən fotoşəkilləri, nümayiş olunan orden və medalları, müxtəlif sənədlər, məktub və əlyazmaları, Cəmşid Naxçıvanskiyə, Azərbaycan Atıcı Diviziyasının keçdiyi döyüş yoluna həsr olunmuş məqalələri, kitabları  maraqla qarşılayıblar.