Hərbi hissədə məktəblilər üçün atış təlimi təşkil olunub

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar əvvəlcədən təsdiq olunmuş qarşılıqlı tədbirlər planına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə  baş idarəsinin, Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordusunun və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Muxtar Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən tam orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün atış təlimləri  keçirilir. Atış təlimləri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində təşkil olunur.

Naxçıvan şəhərində və Şərur rayonunda təşkil olunan məşğələlərdə əvvəlcə çıxışlar dinlənilib. Çıxışlarda praktiki məşğələnin əhəmiyyətindın danışılıb, bu gün ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı xüsusi olaraq vurğulanıb.

Daha sonra Əlahiddə ümumqoşun ordunun zabitləri məşğələnin mahiyyətini və təhlükəsizlik qaydalarını şagirdlərə izah ediblər. Məşğələ zamanı şagirdlərə müxtəlif təlim nöqtələrində atıcı silahların taktiki-texniki xüsusiyyətləri, əl qumbaralarının atışı, silahla davranış və yaralanmalar zamanı ilk tibbi yardımın göstərilməsi qaydaları öyrədilib.

Naxçıvan şəhərindən 200, Şərur rayonundan isə 116  şagirdin iştirak etdiyi tədbirdə məktəblilər avtomatdan praktiki atışlar yerinə yetiriblər.

Yekunda atış təlimində fərqlənən şagirdlər fəxri fərmanla təltif olunublar.