Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli sərəncamları ilə müxtəlif medallarla təltif edilmiş müharibə iştirakçılarına və qazilərə medallar təqdim olunub. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsində təqdimetmə mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsində keçirilən tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şöbənin rəisi vəzifəsini icra edən kapitan Habil Niftəliyev, Kəngərli Rayon İcra Hakimiyyətinin Şöbə müdiri Rəşad Həsənzadə və Kəngərli Rayon Prokurorluğunun əməkdaşı Cavid Əsgərov çıxışlar edərək 44 günlük Vətən müharibəmizdə qazandığımız qələbədən söhbət açıb, qazilərimizə təbriklərini çatdırıblar.
Vurğulanıb ki, ölkəmizdə eləcə də Naxçıvan Muxtar Respublikasında şəhid ailələri, qazi və müharibə iştirakçılarına daim qayğı göstərilir, sosial müdafiələri gücləndirilir, onlar mənzil və avtomobillərlə təmin olunurlar.
Sonra Nazirlər kabinetinin müvafiq Sərəncamı ilə təltif olunmuş mayor Zeynalov Təbriz Eyvaz oğluna, baş leytenant Quliyev Cavid Füzuli oğluna, əsgər Tağıyev Qadir Heydər oğluna, əsgər Süleymanov Nicat Şücaət oğluna və əsgər Xudiyev Qabil Qasım oğluna medallar təqdim olunub. Gizir Quliyev Qiyas Qafar oğlunun medalı isə qardaşına təqdim olunub.
Qazi və Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.