Kursantlar arasında inşa yazı müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında “Qalib Azərbaycan, azad Qarabağ” adlı inşa yazı müsabiqəsi təşkil edilib.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ardınca Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş zabiti

Nurlan Məhərrəmov 44 günlük Vətən Müharibəmizdən söhbət açaraq cəbhədə qazanılan qələbənin ən başlıca səbəbinin də ölkəmizdə, eləcə də Muxtar Respublikamızda həyata keçirilən güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi olduğunu vurğulayıb. Gələcəkdə onların da mübariz ruhlu, polad iradəli zabitlər olaraq xidmət göstərəcəklərinə inamını dilə gətirən Nurlan Məhərrəmov müsabiqədə hər bir kursanta uğurlar arzu edib.   

Gənclər Fondunun əməkdaşı Sübhan Rəhimli çıxış edərək bildirib ki, keçirilən “Qalib Azərbaycan, Azad Qarabağ” adlı müsabiqənin məqsədi yeniyetmə və gənclərin milli mənlik şüurunun, vətənpərvərlik və vətəndaşlıq hissinin daha da yüksəldilməsi, Vətənimizin Qarabağ zəfərini gənclərin gözü ilə təqdim etmək, yüksək biliyə malik olan gəncləri üzə çıxarmaqdan ibarətdir.

Çıxışlardan sonra müsabiqənin qaydaları izah edilib və müsabiqəyə start verilib. 50 nəfər kursantın iştirak etdiyi müsabiqədə inşaların yazılması üçün kursantlara  1 saat yarım vaxt verilib və bu vaxt ərzində onlar öz istedadlarını nümayiş etdiriblər.

Köçürmə və digər neqativ halların baş verməməsi üçün otaqlara könüllülərdən ibarət nəzarətçilər cəlb edilib.

Qeyd edək ki, inşa yazıları yoxlandıqdan sonra nəticələr açıqlanacaq.Qaliblər   təşkilatçılar tərəfindən mükafatlandırılacaq.