Məktəblilər müharibə veteranları ilə görüşüb

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsinin təşkilatçılığı ilə Sədərək rayon Dəmirçi kənd tam orta məktəbinin 10 və 11-ci sinif şagirdləri ilə veteranlar arasında görüş keçirilmişdir. Görüşün təşkilinin əsas məqsədi yeniyetmələr arasında hərbi vətənpərvərlik tərbiyəsini təbliğ etmək, məktəblilər arasında hərbi xidmətə marağı artırmaq, ordu haqqında düzgün və müsbət təsəvvür formalaşdırmaq və onlarda Vətənə məhəbbət, hisslərini aşılamaq olub.

İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xidmətin Sədərək Rayon Şöbəsinin əməkdaşı kapitan Mərdan Amancayev tədbir iştirakçılarına  və şagirdlərə mövzu barədə qısa məlumat verərək tədbiri açıq elan etmişdir.

Daha  sonra tədbir iştirakçıları İkinci Dünya Müharibəsinin arxa cəbhə iştirakçısı Teymur Quliyev, I Qarabağ müharibəsi iştirakçısı, müharibə əlili Lətif Usubov və “Vətən müharibəsi” iştirakçısı Əmirxan Quliyev çıxış edib və şagirdləri maraqlandıran sualları cavablandırıblar. Çıxışlarda qeyd edilib ki, məktəblilər Vətən Müharibəsində yazılan Zəfər tariximizi qürur və fəxr hissi ilə dərindən öyrənməli, bu şanlı qələbədə imzası olan qəhrəman oğulları yaxşı tanımalı, onları özlərinə nümunə götürməlidirlər.

“Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş ehtiyatda olan  kiçik çavuş Əmirxan Quliyev 44 günlük Vətən müharibəmiz ilə bağlı xatirələrindən, oğullarımızın göstərdiyi igidlikdən danışaraq torpaqlarımızın azadlığa qovuşması üçün başlanan müqəddəs bir savaşda iştirak etməyin ona ömürlük qürür hissi bəxş etdiyini dilə gətirib.

Məktəbin Çağırışaqədərki hazırlıq fənnini tədris edən  Oruc Məmmədov da çıxış edərək bildirib ki, ölkəmizdə şagirdlərin yaxşı təhsil almalarına diqqət yetirildiyi kimi, vətənpərvər ruhda tərbiyə olunmaları üçün də daim tədbirlər görülür. Elə bunun nəticəsidir ki, gənclərimiz topraqlarımızın azadlığı uğrunda qorxmadan irəli atıldılar. Hərbi rəhbər vurğulayıb ki, pedaqoji kollektiv olaraq birlik olub bundan sonra da vətənimizə bağlı, dövlətinə sədaqətli gənclik yetişdirmək üçün əllərindən gələni əsirgəməyəcəklər.

Bu cür tədbirlərin şagirdlərdə torpağa məhəbbət və bağlılıq hisslərinin yüksəldilməsində əhəmiyyətli rola malik olduğunu diqqətə çatdıran Dəmirçi kənd tam orta məktəbin direktoru Şükür Allahverdiyev görüşün təşkilatçılarına və qonaqlara pedaqoji kollektiv və şagirdlər adından təşəkkürünü bildirib.