Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti öz səlahiyyətləri çərçivəsində yeniyetmə və gənclərdə hərbi vətənpərvərlik hisslərinin aşılanması istiqamətində tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin zabit heyətinin təşəbbüsü ilə baş tutub. Xidmətin Ordubad Rayon Şöbəsinin zabit heyəti Ordubad Rayon məktəblilərini N saylı hərbi hissə ilə tanış ediblər.
Əvvəlcə hərbi hissəni gəzən məktəblilər burada yaradılan şəraitlə yaxından tanış olduqdan sonra Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin zabiti leytenant Fərzəliyev Xəyyam “Zabit peşəsi şərəfli peşədir” başlığı altında məktəblilər qarşısında çıxış edərək zabit peşəsinin önəm və əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, öz doğma torpağına dərin məhəbbətlə bağlı olan hər bir Azərbaycanlı üçün zabit olaraq vətənə xidmət etmək qürur və iftixardır.
Daha sonra məktəblilərə bilikli və bacarıqlı zabit olaraq yetişmək üçün hərbi təhsilin vacibliyi izah olunub. Heydər Əliyev adına hərbi liseyə daxil olmaq arzusunda olan 9-cu sinif şagirdlərinə maarifləndirici tövsiyyələr verilib.