Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin təşkilatçılığı ilə Ordubad şəhər 1 nömrəli tam orta məktəbinin şagirdləri ilə şəhid ailələri və veteranlar arasında görüş keçirilmişdir.
Qeyd edək ki, bu cür görüşün keçirilməsində məqsəd Vətən müharibəsində qazanılan tarixi qələbə barədə məktəbliləri məlumatlandırmaq, qəhrəmanlarımızı, şəhidləri böyüməkdə olan gənc nəslə yaxından tanıtmaq, məktəblilərə vətənpərvərlik hissini aşılamaqdan ibarətdir.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bundan sonra məktəblilər Azərbaycan Respublikasının Dövlət Himnini ifa ediblər.
Ordubad şəhər 1 nömrəli tam orta məktəbin direktoru Könül İsmayılova Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə igid vətən övladlarının 44 günlük Vətən müharibəsində göstərdikləri misilsiz şücaətdən söhbət açıb, onların göstərdikləri qəhrəmanlıqların tarixə qızıl hərflərlə yazıldığını vurğulayıb. Bildiriliib ki, ölkəmizdə şagirdlərin yaxşı təhsil almalarına diqqət yetirildiyi kimi, vətənpərvər ruhda tərbiyə olunmaları üçün də daim tədbirlər görülür.
Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli və Ordubad Rayon Təhsil Şöbəsinin əməkdaşı Ülviyyə Əliyeva çıxış edərək şəhid ailələrinə və qazilərə dövlətimizin göstərdiyi diqqət və qayğıdan söhbət açıb, Vətən müharibəsi iştirakçılarının göstərdikləri şücaətin heç bir zaman unudulmayacağını dilə gətiriblər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin rəisi polkovnik-leytenant Vüqar Rəhimli tədbir iştirakçılarına və şagirdlərə mövzu barədə qısa məlumat verərək yeniyetmə və gənclərimizdə vətənpərvərlik ruhunun yüksək olmasının vacibliyindən söhbət açmışdır.
Şəhid Ülvi Hüseynovun atası Möhsün Hüseynov 44 günlük Vətən müharibəmiz zamanı şəhid olmuş oğlu ilə bağlı xatirələrindən, göstərdiyi igidlikdən danışaraq torpaqlarımızın azadlığa qovuşması üçün başlanan müqəddəs bir savaşda canlarını qurban etmiş şəhid və qazilərimizin göstərdikləri qəhrəmanlıqların gənc nəslə örnək olduğunu vurğulayıb, igid oğulların canı bahasına geri qayıdan torpaqların bundan sonra onlara əmanət olduğunu bildirib.
Məktəb direktoru Könül İsmayılova görüşün təşkilatçılarına və qonaqlara pedaqoji kollektiv və şagirdlər adından minnətdarlığını bildirib.
Sonda məktəbin şagirdləri Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.