Muxtar respublikanı təmsil edəcək komanda məlum olub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil, Fövqəladə Hallar nazirlikləri və Əlahidddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə Əlahidddə Ümumqoşun Ordunun N saylı hərbi hissəsində ümumtəhsil məktəblərinin şagirdləri arasında “Şahin” hərbi-idman oyunu üzrə muxtar respublika birinciliyi keçirilib. “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir.

Açılış mərasimində Dövlət Himnimiz səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər birinciliyin əhəmiyyətindən bəhs edib, iştirakçılara uğurlar arzulayıblar.

Layihənin əsasnaməsinə uyğun olaraq ilk iki turda məktəbdaxili seçim mərhələsi və rayon (şəhər) birinciliklərini uğurla tamamlayan komandalar yarışda iştirak ediblər. Hər birinin heyətində 10 oğlan və 4 qız olmaqla ümumilikdə 9 komanda qələbə uğrunda mübarizə aparıb. İştirakçılar sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və çadırın qurulması mərhələlərində bacarıqlarını nümayiş etdiriblər. Hər mərhələ münsiflər heyəti tərəfindən 5 ballıq sistem üzrə qiymətləndirilib və nəticələr qayda pozuntuları da nəzərə alınmaqla ümumi şəkildə hesablanıb.

Qiymətləndirməyə əsasən, ən yüksək göstəricini Ordubad rayon Sabirkənd kənd tam orta məktəbin komandası əldə edərək muxtar respublika birincisi kimi ölkə üzrə final mərhələsində iştirak etmək hüququ qazanıb. Culfa rayon Göydərə kənd tam orta məktəbin və Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin komandaları isə  yarışı müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda tamamlayıblar. İlk üçlükdəki komandalar və üzvlərinə diplom, kubok, fərqlənən məktəblilərə isə fəxri fərman təqdim edilib.

 

Qeyd edək ki, “Şahin” hərbi-idman oyununun final mərhələsi Bakı şəhərində reallaşacaq. Həlledici mərhələnin may ayında keçirilməsi nəzərdə tutulur.