Naxçıvan Muxtar Respublikasında orden və medalların təqdimatı keçirilib

Azərbaycan Respublikası ərazilərinin azad edilməsi uğrunda şəhid olmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 24 iyun tarixli sərəncamları ilə təltif edilmiş şəxslərin ailə üzvlərinə, qazilərə və müharibə iştirakçılarına orden, medal və vəsiqələr təqdim olunub. Naxçıvan şəhərində, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz və Sədərək rayonlarında bununla bağlı tədbirlər keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, bu gün ölkəmizdə və muxtar respublikamızda hər bir sahənin inkişafına dövlətimizin diqqət və qayğı hiss olunur. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordu quruculuğu sahəsində Naxçıvan Muxtar Respublikasında da böyük işlər görülür. Son illər muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən  həyata keçirilən mühüm tədbirlər şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə yanaşı, onlarda vətənpərvərlik hisslərini də gücləndirib.

Qeyd olunub ki, böyük qələbə ilə başa çatan Vətən müharibəmizdə torpaqlarımızın işğaldan azad olunmasında qəhrəman Naxçıvan oğullarının da rolu danılmazdır. Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş Naxçıvan şəhər sakinləri baş leytenant Məmmədov Sahil Rasim oğlu “Kəlbəcərin azad olunmasına görə”, baş leytenant Vəliyev İsmayıl Mehman oğlu “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə”, gizir Ələkbərov Bağır Əsəd oğlu “Füzulinin azad olunmasına görə”, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular Məmmədov Araz Qəhrəman oğlu, Qurbanov Xansu Elsevər oğlu, Eyvazov İslam Həsən oğlu, İbrahimov İbrahim Etibar oğlu, İbrahimov Seymur Zamin oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunublar. Həmin medallar onların ailə üzvlərinə təqdim olunacaq. Qazi, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular Nəbiyev Nurəddin Şəmil oğlu, Haqverdiyev Yusif Məhərrəm oğlu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunublar. Vətən müharibəsi iştirakçıları, mayor Novruzov Ruslan Murad oğlu, mayor Zamanov Rasim Famil oğlu, əsgər Novruzov Şükür Elnur oğlu “Suqovuşanın azad olunmasına görə”, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular Əliyev Murad Pərviz oğlu, Süleymanov Mir İsmayıl Etibar oğlu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif ediliblər.

   Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik-leytenant Anar Aqilov çıxışında qeyd edib ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin üç minə yaxın hərbi qulluqçusu şəhid olub, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirib. Vətənin müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin 15 nəfəri Naxçıvan şəhər qeydiyyatında olub. Vətən torpaqlarına azadlıq toxumu səpən qeyrətli vətən oğulları xalqımızın qəlbində hər zaman yaşayacaq.

  Sonra medalların təqdimatı olub, şəhid ailələri, qazi və Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

 

Şərur rayonunda keçirilən tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov qeyd etmişdir ki, ərazilərimizin düşmən tapdağından azad olunmasında öz canlarını, qanlarını əsirgəməyən şəhidlər, qazilər və müharibə iştirakçılarına dövlət qayğısı daimidir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına təqdim olunan “Füzulinin azad olunmasına görə” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı, “Suqovuşanın azad olunmasına görə” medalı və “Şuşanın azad olunmasına görə”  medalları da bu qayğının təzahürüdür.

   Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin rəisi polkovnik-leytenant Həsən Məmmədov çıxış edərək bildirmişdir: Haqq savaşımızda Azərbaycanın bütün bölgələrindəki kimi Şərur rayonunun oğulları da düşünmədən, gözünü qırpmadan bu savaşa qatıldılar. Onlarla igid həmyerlimiz şəhid, qazi adlarını qazandılar.

Həmin Vətən övladları bu müqəddəs savaşın qəhrəmanlarıdır. Bu qəhrəmanları həmişə dərin hörmətlə yad edir, xatirələrini əziz tuturuq.

   Şəhid Əli Yusifovun atası Suləddin Yusifov şəhid ailələri adından onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib.

Vətən Müharibəsi şəhidlərinin ailələrinə, Vətən Müharibəsində iştirak etmiş müharibə əlillərinə və müharibə iştirakçılarına medallar təqdim olunmuş, tədbir iştirakçıları ilə xatirə şəkili çəkilmişdir.

 

Babək rayonunda keçirilən tədbirdə  əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri, böyük Qələbəsi ilə yekunlaşdı. Artıq dünyada Qalib ölkə kimi tanınan Azərbaycan tarixi torpaqlarını bərpa edir, qədim Şuşa şəhəri əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Tarixi Zəfərin əsas siması olan və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə iştirakçılarına, qazilərə dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Döyüşlərdə xüsusi rəşadət və qəhrəmanlıq göstərmiş hərbi qulluqçuların şərəfli döyüş yoluna Ali Baş Komandanımız tərəfindən yüksək qiymət verilib, onlar müxtəlif orden və medallara, yüksək fəxri adlara layiq görülüblər.

Sonra “Kəlbəcərin azad olunmasına görə”,“Suqovuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni şəhidlərin ailələrinə, qazilərə və müharibə iştirakçılarına təqdim olunub. Onlar göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq ediblər.

Ordubad rayonunda keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxışında vurğulayıb ki, Azərbaycan xalqı 30 illik həsrətə son qoyub, qanı, canı bahasına torpaqlarımızı düşmən tapdağından azad edən igid oğulları ilə hər zaman qürür duyacaq.

Daha sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuş  şəhid kapitan Hüseynov Ülvi Möhsün oğlunun, əsgər Məmmədəliyev Saday Rza oğlunun və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş şəhid baş leytenant Xəlilli Namiq Həsən oğlunun və gizir Budaqov Rufiz Şirzad oğlunun medalları ailə üzvlərinə təqdim olunub. “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunan  ehtiyatda olan baş leytenant Hacıbəyli Sahil Nadir oğlu da göstərilən diqqətə görə minnətdarlığını bildirib.

 

Culfa rayonunda keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev qeyd edib ki, şəhid leytenant Məmmədli Nicat Rizvan oğlu və şəhid leytenant Seyidov Nihat Mehman oğlu “Suqovuşanın azad olunmasına görə”, şəhid əsgər Göydağlı Ramazan Əbülfət oğlu, şəhid əsgər Seyidov Miryasin Mirqafar oğlu, şəhid əsgər Rzayev Kənan Əbdürrəhman oğlu, şəhid əsgər Orucov Coşqun Oruc oğlu və şəhid əsgər Quliyev Kənan Vaqif oğlu və müharibə iştirakçıları müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular Qasımov Kənan Əkbər oğlu, Süleymanlı İsrafil Adil oğlu, Fərzəliyev Elmar Fuad oğlu və Məmmədov Kərim Vilayət oğlu “Füzulinin azad olunmasına görə” medalı ilə, müharibə iştirakçıları baş leytenant Seyidov Miryaqub Məhəmməd oğlu və baş leytenant Canməmmədov İlqar Qüdrət oğlu “Şücaətə görə”, leytenant Behbudov Mürsəl Eyvaz oğlu isə “Vətən uğrunda” medalları ilə təltif olunublar.

 Daha sonra medallar şəhidlərin ailələrinə, qazilərə və müharibə iştirakçılarına təqdim olunub. Onlar göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

 

Şahbuz rayonunda keçirilən tədbirdə  əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev çıxış edərək Vətən müharibəsində şəhid olan igid vətən oğullarının qəhrəmanlıq və şücaətinin gələcək nəsillərə örnək olduğunu bildirib. İcra başçısı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə  şəhid baş leytenant Həmzəyev Mərhəmət Rizvan oğlu “Kəlbəcərin azad olunmasına görə”, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular şəhid əsgər Bağırov Ramin Nəriman oğlu, şəhid əsgər Alməmmədov İman Tarverdi oğlu, şəhid əsgər Səfərov Qəşəm Taməddin oğlu “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunublar.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsinin rəisi, mayor Qorxmaz Şükürlü  çıxışında qeyd edib ki, Həm dövlətimiz həm də xalqımız tərəindən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hər bir Azərbaycan oğlunun adı uca tutulur, Vətən qarşısındakı nümunəvi xidmətləri yüksək qiymətləndirilir. Muxtar Respublikamızda da şəhid ailələri, qazi və müharibə iştirakçıları hərtərəfli qayğı ilə əhatə olunurlar.

Sonra şəhidlərin medalları valideynlərinə təqdim olunub.

Sədərək rayonunda keçirilən tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva çıxış edərək Vətənimizin bütövlüyü və torpaqlarımızın azaldığı uğrunda 44 gün əzmlə mübarizə aparan oğullarımızın nümunəvi döyüş yolundan söhbət açıb. İcra başçısı bildirib ki, adını tarixə yazan bu vətən övladları xalqımız tərəfindən hər zaman ehtiramla yad ediləcək.

          Daha sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə

“Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan Gözəlov Rüfət Əzim oğlunun valideyninə və müharibə iştirakçısı Həsənov Burhan  Vüqar oğluna medallar təqdim olunmuşdur.