Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və şücaət göstərmiş hərbi qulluqçular müxtəlif medallarla təltif edilib. Bu gün Naxçıvan şəhərində, Babək, Ordubad və Sədərək rayonlarında bununla bağlı tədbirlər keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, bu gün ölkəmizdə və muxtar respublikamızda hər bir sahənin inkişafında dövlətimizin diqqət və qayğısı hiss olunur. Ordu quruculuğu sahəsində də mühüm işlər görülür. Ulu öndər Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ordu quruculuğu sahəsində Naxçıvan Muxtar Respublikasında da böyük işlər görülür. Son illər muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən həyata keçirilən mühüm tədbirlər şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə yanaşı, onlarda vətənpərvərlik hisslərini də gücləndirib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəisi, polkovnik-leytenant Anar Aqilov isə çıxışında qeyd edib ki, ölkəmizdə şəhid adı daim uca tutulur, onların Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilir, dövlət təltiflərinə layiq görülürlər. Naxçıvanda da şəhid ailələri, qazi və müharibə iştirakçılarına hərtərəfli qayğı göstərilir, onların sosial müdafiəsi gücləndirilir, mənzil və avtomobillərlə təmin olunurlar.
Çıxışlardan sonra medalların təqdimatı olub.
Vətən müharibəsi iştirakçıları leytenant Məmmədov Hüseyn Şahin oğluna “Suqovuşanın azad olunmasına görə”, əsgər Rzayev Elçin Arzu oğluna və əsgər Sadıxov Azər Qasım oğluna “Qubadlının azad olunmasına görə” medalları təqdim olunub.
Vətən müharibəsi iştirakçıları göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Babək Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov bildirib ki, 44 günlük Vətən müharibəsində düşməni diz çökdürən ordumuz Azərbaycanın gücünü və nələrə qadir olduğunu bütün dünyaya sübut etdi. Müharibə bitsə də Zəfərin əsas siması olan və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının, şəhidlərin ailələrinə, qazilərə, həmçinin, müharibə iştirakçılarına dövlətimiz tərəfindən diqqət və qayğı daimidir.
Daha sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuş kiçik çavuş Alməmmədov Əli Yaşar oğlunun və “ Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Babayev Seymur Alim oğlunun medalları təqdim olunub.
Ordubad Rayon İcra hakimiyyətində keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Sonra çıxış edənlər vətən oğullarının qəhrəmanlığından söhbət açaraq onların göstərdiyi igidlik və şücaətin xalqımız tərəfindən daim yüksək qiymətləndirildiyini və heç zaman unudulmayacağını bildiriblər.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müvafiq sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş şəhid kapitan Hüseynov Ülvi Möhsün oğlunun medalı və vəsiqəsi atası Hüseynov Möhsünə, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuş ehtiyatda olan əsgər Məmmədov Xəyaləddin Əziz oğlunun medalı atası Məmmədov Əzizə, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş ehtiyatda olan əsgər Məmmədəliyev Elman Elxan oğlunun medalı və vəsiqəsi özünə təqdim olunub.
Sədərək Rayonunda keçirilən tədbirdə əvvəlcə şəhidlərin xatirəsi yad edilib.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsinin rəisi mayor Nüsrət Vəliyev bildirib ki, illər uzunu düşmənin tapdağına məruz qalan torpaqlarımız mərd oğulların fədakarlığı nəticəsində işğaldan azad edildi. Torpaqlarımızın hər qarışı uğrunda canını fəda edən, ölümün gözünə dik baxaraq şəhid olan igid oğullarımızdan nə qədər danışsaq yenədə azdır. Bu gün cənab Ali baş komandan İlham Əliyevin müvafiq sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunan şəhid Abdullazadə Tağı İlham oğlunun nümayiş etdirdiyi qəhrəmanlıq da gələcək nəsillərə örnəkdir.
Daha sonra şəhidin medalı və vəsiqəsi atası Abdullazadə İlhama təqdim olunub. Şəhid atası bütün şəhid ailələri adından onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.