Naxçıvan Muxtar Respublikasının yaranmasından 98 il ötür

Bu gün Naxçıvan Muxtar Respublikasının yaranmasından 98 il ötür. Muxtar Respublikanın yaradılması Azərbaycanın, habelə bölgənin tarixində böyük əhəmiyyət kəsb etmiş və xalqımızın həyatında əlamətdar hadisəyə çevrilmişdir. Ötən dövrdə Naxçıvanın muxtariyyət tarixi geniş tədqiq olunmuş, yubileyləri qeyd edilmiş, muxtariyyətin hüquqi və siyasi bazası formalaşmış, Naxçıvan böyük inkişaf yolu keçmişdir.

Naxçıvan ən qədim dövrlərdən başlayaraq Azərbaycan dövlətçiliyinin və azərbaycançılığın qorunub saxlanmasında özünəməxsus və mühüm rol oynayıb. Əlverişli təbii-coğrafi mövqeyi, Şərqlə Qərbi birləşdirən qədim İpək yolunun üstündə yerləşməsi Naxçıvanı fatehlərin, böyük dövlətlərin geosiyasi maraqlarının kəsişdiyi regiona çevirmişdir. Ərazisi dəfələrlə işğal olunsa da, əldən-ələ keçsə də, Naxçıvan heç vaxt qəddini əyməmiş, xalqımıza məxsus mədəniyyəti, adət-ənənələri, ən vacibi isə, tarixi ərazisinin böyük bir hissəsini qoruyub saxlaya bilmiş, müasir dövrümüzədək gətirib çıxarmışdır. Min illər boyunca Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu torpaqda X əsrdə “Naxçıvan şahlığı” adlı xüsusi feodallıq yaranmış, Naxçıvan şəhəri XII əsrdə qüdrətli Atabəylər dövlətinin paytaxtı olmuşdur. 1747-ci ildə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı bölgənin inkişafına, müdafiə qabiliyyətinin gücləndirilməsinə, inzibati idarəçiliyin formalaşmasına özünəməxsus töhfələr vermişdir. 

Tarixi proseslərin sonrakı inkişafının nəticəsi olaraq 1920-ci ildə Azərbaycanın Zəngəzur mahalı Ermənistana verildikdən sonra ölkənin əsas ərazisindən təcrid olunan Naxçıvanın muxtariyyət məsələsi zərurətə çevrilmişdi. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, qardaş Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanmışdır. Bu müqavilələrin imzalanmasından 3 il sonra – 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılmış, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır. Bu, Azərbaycan xalqının olduqca mürəkkəb və çətin şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi. Ümummilli Liderimizin dediyi kimi, “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi”.

Ümummilli lider, qüdrətli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvan Muxtar Respublikası ilə bağlı sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həllivacib olan digər məsələlərin həyata keçirilməsi muxtar respublikanın hərtərəfli inkişafı üçün zəmin yaratmış və təmin etmişdir.

Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir. Naxçıvanın muxtariyyət statusunun ölkəmizin müstəqillik tarixində mühüm əhəmiyyətə malik olduğunu bildirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil etmişdir. Bu status imkan verirdi ki, ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdəki siyasi fəaliyyəti dövründə Naxçıvan xalqımızın suveren hüquqlarının təmin edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilsin”.

1995-ci ildən Naxçıvan Muxtar Respublikasına cənab Vasif Talıbov rəhbərlik edir. Naxçıvan Muxtar Respublikası blokada şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, hərtərəfli, dinamik və dayanıqlı inkişafa nail olunmuşdur. Ali Məclis Sədrinin məqsədyönlü fəaliyyəti, qətiyyətli mövqeyi, yüksək idarəetmə bacarığı, Heydər Əliyev siyasətinə sədaqəti Naxçıvanın uğurlu inkişafını təmin etmişdir. Naxçıvan Muxtar Respublikası müdafiə, enerji və ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı, gözəl bir diyara çevrilmişdir. Sənaye, nəqliyyat, rabitə, kənd təsərrüfatı, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə elə böyük nailiyyətlər qazanılmışdır ki, bir zamanlar bütün bu sadalananlar bəlkə də ancaq arzu edilə bilərdi. Naxçıvan Muxtar Respublikası abad, səliqəli, gözəl bir diyara çevrilmiş, yollar abadlaşdırılmış, yeni asfalt yollar çəkilmiş, muxtar respublikanın ərazisi tamamilə qazlaşdırılmış, elektrik enerjisinin generalizasiya gücü yüksək həddə çatdırılmışdir. Bu gün Naxçıvan enerji idxal edən respublikadan enerji ixrac edən diyara çevrilmişdir.
Yüksək dövlət qayğısı strategiyası işığında Naxçıvan böyük sürətlə, hərtərəfli şəkildə inkişaf edərək ölkəmizin ən inkişaf etmiş regionu olaraq  liderliyi qoruyur desək yerinə düşər.

Bu gün Naxçıvan Muxtar Respublikası müdafiə təhlükəsizliyi yüksək səviyyədə təmin olunan diyardır. Naxçıvanda hər bir sahədə gedən uğurlu inkişaf heç şübhəsiz hərbi sahədən də yan keçməyib. 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının  göstərdiyi şücaət və qəhrəmanlıq  da Naxçıvanda vətənə bağlılıq və ordu quruculuğu siyasətinə sadiqliyin əyani sübutdudur.

44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi tarixi Qələbə və bu qələbənin nəticəsi Naxçıvan Muxtar Respublikasının önəmini bir daha ortaya çıxarmışdır. Azərbaycanın öz tarixi ərazisi olan Naxçıvanla quru yolunun açılması ilə bağlı əldə edilmiş razılaşma bu diyarın yaxın gələcəkdə dünyanın aparıcı logistika mərkəzlərindən birinə çevriləcəyindən xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərlərində burada görülmüş işlərdən razı qaldığını dəfələrlə bildirmişdir: “...Doğrudan da son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.

Güclü və abad Naxçıvan bundan sonra da həyata keçirilən ən möhtəşəm işlərin mərkəzində yer alacaq.