Naxçıvan Şəhər İcra Hakimiyyətində medalların təqdimat mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ilin dekabr və 2021-ci ilin iyun aylarında imzaladığı sərəncamlarla respublikamızın ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular müxtəlif medallarla təltif etmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətində həmin medalların və onların vəsiqələrinin Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələrinə təqdim edilməsi münasibətilə tədbir keçirilib.


Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin birgə təşkilatçılığı, Vətən müharibəsi iştirakçılarının, qazilərin və şəhid ailələrinin iştirakı ilə keçirilən tədbirdən əvvəl İkinci Qarabağ müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, bu gün ölkəmizdə milli ordumuz, əsgər və zabitlərimiz hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Muxtar Respublikamızda da uğurla davam etdirilir. Hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, hərbçi ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı yüksəldilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müntəzəm olaraq sərhəd bölgələrində, hərbi hissələrdə olması, xidmətin vəziyyəti, əsgərlərin həyat şəraiti ilə maraqlanması şəxsi heyətə mənəvi-psixoloji dəstək verir və onlarda vətənpərvərlik hisslərini daha da gücləndirir. Bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri tarixi torpaqlarımızı işğaldan azad etdi. Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan, döyüşdən qəhrəman kimi ayrılan, bizim hər birimizə qalib ölkənin vətəndaşı kimi başıuca gəzməyi bəxş edən cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaqdır.
Qeyd edilib ki, Vətən uğrunda canından keçən oğullarımızın 15-i Naxçıvan şəhərinin qeydiyyatında olmuşdur. Vətən müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Naxçıvan şəhər sakinləri mayor Həsənov Sadiq Əli oğlu, gizir Ələkbərov Bağır Əsəd oğlu, MAHHX HQ əsgər İbrahimov Seymur Zamin oğlu, MAHHX HQ əsgər Qurbanov Xansu Elsevər oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.


Baş leytenant qazi Həsənov Hüseyn Azad oğlu “Cəbrayılın azad olunmasına görə” medalı, MAHHX HQ çavuş qazi Quliyev Nurlan Oruc oğlu, MAHHX HQ əsgər qazi Nəbiyev Nurəddin Şəmil oğlu, MAHHX HQ əsgər qazi Sadıxov Əyyub Elməddin oğlu və MAHHX HQ əsgər qazi Haqverdiyev Yusif Məhərrəm oğlu “Xocavəndin azad olunmasına görə” medalı ilə, Müharibə iştirakçıları kiçik çavuş Məmmədov Nifti Akif oğlu “Cəbrayılın azad olunmasına görə” medalı, əsgər Əliyev Samir Məmməd oğlu “Füzulinin azad olunmasına görə” medalı, əsgər Fərzalızadə Ayxan Vüsal oğlu, əsgər Əliyev Murad Pərviz oğlu, əsgər Mazanov Müslüm Mazan oğlu, əsgər Nəcəfzadə Elsun Asif oğlu, əsgər Süleymanov Mir İsmayıl Etibar oğlu, əsgər Şirinov Aydın Cəfər oğlu “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.
Sonra Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik-leytenant Anar Aqilov çıxış edərək bildirib ki, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə, xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Nəticədə, işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, zabit və əsgərlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu.
Sonra “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları Vətən müharibəsi iştirakçılarına, qazilərə və şəhidlərin ailələrinə təqdim edilib.


Vətən müharibəsi iştirakçısı və şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.