Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola salınır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2022-ci il iyunun 1-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncama əsasən 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları müddətli həqiqi hərbi xidmətə göndərilir.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrində çağırışçılar təntənə ilə yola salınır. Bu münasibətlə keçirilən mərasimlərdə əvvəlcə dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirlərdə çıxış edənlər hərbi xidmətə yola düşmələri münasibətilə çağırışçılara təbriklərini çatdırıb, öz tövsiyə və arzularını dilə gətiriblər.
Çağırışçılar isə vətən borcunu yerinə yetirərkən ayıq-sayıq dayanacaqlarına, komandirlərin tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirib xidmətlərini qüsursuz başa vuracaqlarına söz veriblər.
Konstitusiyada təsbit edilmiş vəzifələrini yerinə yetirmək üçün böyük ruh yüksəkliyi ilə müddətli həqiqi hərbi xidmətə yola düşən gənclərin yol salınma mərasimlərində onların doğmaları, yaxınları da yüksək əhval-ruhiyyə ilə iştirak ediblər.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların xidmət yerlərinə göndərilməsi prosesi iyulun 30-da yekunlaşacaq.