Naxçıvanda müddətli həqiqi hərbi xidmətə növbəti çağırış başa çatdı

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında”  1 iyun 2022-ci il tarixdə imzaladığı Sərəncama əsasən  Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən sərəncamın icrası təmin edilib və iyul ayı ərzində muxtar respublikada Silahlı Qüvvələrimizin çağırışçılarla komplektləşdirilməsi prosesi müvəffəqiyyətlə yekunlaşdırılıb.

Sərəncama əsasən 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları müəyyənləşdirilmiş qrafikə uyğun olaraq xidmət yerlərinə göndərilib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçılara xidmətlərində uğurlar arzu edir.