Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 24 iyun, 2022-ci il 21 aprel tarixli sərəncamları ilə ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və şücaət göstərmiş hərbi qulluqçular müxtəlif medallarla təltif edilib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində həmin medalların, onların vəsiqələrinin qazilərə və Vətən müharibəsi iştirakçılarına təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəis müavini polkovnik-leytenant Sultan Zamanov çıxış edərək bildirib ki, bu gün muxtar respublikamızda ordu quruculuğu sahəsində həyata keçirilən əhəmiyyətli tədbirlərdən biri də Vətənə sədaqətli, peşəkar hərbi kadr hazırlığı ilə bağlıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin maddi-texniki bazası möhkəmləndirilib, kursantlar üçün müasir tədris, rahat məişət və yaşayış şəraiti yaradılıb. Bu gün hərbi liseyin məzunları Azərbaycan Ordusunda xidməti vəzifələrini şərəflə yerinə yetirirlər. Vətənə sədaqət andı içib ordu sıralarında xidmət edən igid oğullarımız vətən torpağına olan sevgilərini və onun yolunda nələrə qadir olduqlarını 44 günlük Vətən müharibəsində sübuta yetirdilər. Qeyd olunub ki, Vətən müharibəsində iştirak edən, şəhid olan qəhrəmanların şücaəti gələcək nəsillərə örnəkdir və onların sırasında doğma Naxçıvanımızın mərd oğulları da çoxdur. Onlardan Vətən müharibəsində qəhrəmanlıq göstərmiş Naxçıvan şəhər sakinləri qazi kapitan Hüseynalıyev Hüseynalı Vidadi oğlu, qazi baş leytenant Həsənov Hüseyn Azad oğlu, qazi kiçik çavuş Haqverdiyev Yusif Məhərrəm oğlu, Vətən müharibəsi iştirakçıları baş əsgər Həsənov Əbülfəz Çingiz oğlu, əsgər Əliyev Samir Məmməd oğlu, əsgər Fərzalızadə Ayxan Vüsal oğlu, əsgər Həşimov Səfər Eyvaz oğlu, əsgər Hüseynov Emin Yusif oğlu “Vətən müharibəsi iştirakçısı” medalı, Vətən müharibəsi iştirakçısı kiçik gizir Zeynalov Emil Şahhüseyn oğlu isə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunublar.
Naxçıvan şəhər İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxışında qeyd edib ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçuları gözlərini qırpmadan ərazi bütövlüyümüzün bərpa olunması üçün var gücləri ilə düşmənə müqavimət göstərib dünyaya Azərbaycan Ordusunun qüdrətini göstəriblər. Bu gün də, gələcəkdə də şəhidlərimizin və qazilərimizin hər birinin şücaəti, qəhrəmanlığı yetişən yeni nəsilə vətəndaşlıq, vətənpərvərlik nümunəsi olacaq.
Vurğulanıb ki, ölkəmizdə şəhid adı daim uca tutulur, onların Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilir, dövlət təltiflərinə layiq görülürlər. Naxçıvanda da daim şəhid ailələri, qazi və müharibə iştirakçılarına hərtərəfli qayğı göstərilir, sosial müdafiələri gücləndirilir, mənzil və avtomobillərlə təmin olunurlar.
Sonra medalların təqdimatı olub, qazi və Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.