Orden və medalların təqdimatı olub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunan hərbi qulluqçularımızın orden və medalları onların ailələrinə təqdim olunub.

Əvvəlcə bütün şəhidlərimizin  ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik-leytenant Anar Aqilov və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov  çıxış edərək ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də mühüm işlərin görüldüyünü, Azərbaycan Silahlı Qüvvələrinin böyük uğurlar əldə edərək gündən-günə daha da gücləndiyini bildiriblər. Qeyd olunub ki, qələbənin qazanılmasında xüsusi xidmətləri olan ordumuzun hər bir əsgər və zabitinin şücaətləri Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin sərəncamları ilə layiqincə dəyərləndirilmiş, onlar yüksək fəxri adlara, orden və medallara layiq görülmüşlər. Vətən uğrunda öz canlarını, qanlarını əsirgəməyən şəhidlər, qazilər və müharibə iştirakçılarına dövlət qayğısı daimidir. Bu gün şəhid ailələrinə təqdim olunan 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni də bu qayğının təzahürüdür.

         Sonra ordenlərin təqdimatı olub.

Şəhid gizir Ələkbərov Bağır Əsəd oğlunun, şəhid müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Eyvazov İslam Həsən oğlunun və Qurbanov Xansu Elsevər oğlunun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ailə üzvlərinə təqdim olunub.

         Şəhid ailələri göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Şərur Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə də əvvəlcə şəhidlərimizin xatirəsi yad olunub.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin rəisi polkovnik-leytenant Həsən Məmmədov və Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov Azərbaycan xalqının belə igid oğullarla fəxr etdiyini, onları vətənpərvər tərbiyə edən atalara, analara hər zaman minnətdar olduqlarını diqqətə çatdırıblar.

Daha sonra Azərbaycan Respublikasının prezidentı İlham Əliyevin 5 noyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş Əhmədov Mərhəmət Adil oğlunun, İsmayılov Əmrah Xudaverdi oğlunun, Qurbanov Rauf Vahid oğlunun, Məmmədov Elşən Əziz oğlunun, Tahirov Vüsal Mehdi oğlunun və “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”medalı ilə təltif olunmuş Əliyev Əli Cavad oğlunun medal və ordeni şəhidlərimizin ailə üzvlərinə təqdim olunub.