Ordubad rayon Düylün kənd tam orta məktəbində Şanlı qələbəmizin ildönümü münasibətilə tədbir keçirilib

Zəfər günü ərəfəsində təşkil olunan tədbir Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin, İcra hakimiyyətinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə məktəbin pedaqoji heyəti və şagirdlər, şəhid valideynləri və kənd sakinləri iştirak ediblər.

Tədbirdə əvvəlcə qələbəmizin səbəbkarı olan şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib.

Daha sonra tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin zabiti leytenant Saur Fərzəliyev, İcra hakimiyyətinin nümayəndəsi Sabir Tağızadə, Təhsil Şöbəsinin əməkdaşı Vasim Məmmədov  və məktəb direktoru Zülfüqar Həsənov çıxış edərək  Zəfər Gününün mahiyyətindən danışıblar.Çıxış edənlər Zəfər günü münasibətilə bütün tədbir iştirakçılarını təbrik edərək bildiriblər ki, 8 Noyabr - Zəfər Günü Azərbaycanın min illik tarixinin şanlı səhifələrindən birini təşkil edir. Vətən müharibəsi və onun qələbə ilə başa çatması müasir Azərbaycan dövlətinin həyatının ən parlaq anları kimi, tariximizin bundan sonrakı dönəmlərində də daim xüsusi qürur və iftixar hissi ilə xatırlanacaq.


 

Məktəbin direktoru Zülfüqar Həsənov tədbirin mahiyyəti haqqında məlumat verərək Qarabağın incisi Şuşanın noyabrın 8-də 28 illik əsarətdən qurtarması və  xalqımızın döyüş əzminin, qüdrətinin təntənəsinə çevrilən bu misilsiz qələbəsinin Prezident İlham Əliyevin sərəncamı ilə qürurla qeyd edilməsinin tariximizin ən parlaq səhifələrindən biri olduğunu nəzərə çatdırıb. Bildirib ki, illər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin xalqımızın birliyi, həmrəyliyi, ordumuzun rəşadəti və ölkə başçısının qətiyyəti sayəsində əldə etdiyimiz bu qələbə heç vaxt unudulmayacaq, şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin şücaəti heç vaxt yaddan çıxmayacaq.

Tədbirdə 44 günlük Vətən savaşında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Düylün kənd tam orta məktəbinin şagirdləri olmuş şəhid Mətin Hüseynov və İntiqam Abdullayevin də xatirəsi anılıb. Şəhidlərin döyüş yolu, göstərdikləri xidmət şagirdlərə nümunə olaraq göstərilib. Şəhidlərin valideynləri övladlarının xatirəsini əziz tutan hər kəsə minnətdar olduqlarını bildiriblər.

8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Gününü özündə ehtiva edən ədəbi-bədii kompozisiyalarda milli geyimlərdə və əsgər uniformalarında olan məktəblilər səhnəciklər nümayiş etdirib, şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla tədbiri davam etdiriblər.