Ordubad Rayonunda Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin, Ordubad Rayon Gənclər və İdman İdarəsinin və Ordubad Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəbləri arasında “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin zabiti Xəyyam Fərzəliyev, Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadiqov və Ordubad Rayon Təhsil Şöbəsinin nümayəndəsi Əfqan Hüseynov oyunlardan əvvəl çıxış edərək təşkil olunan bu oyunların gənclərin ordu sıralarında xidmət etmək üçün ümumi və xüsusi fiziki hazırlıq səviyyəsini müəyyən etmək və ordu sıralarında yaxşı xidmət etmək üçün mənəvi və fiziki cəhətdən hazırlığını artırmaq, eləcə də gənclərdə hərbi vətənpərvərlik hisslərini yüksəltmək baxımından mühüm rol oynadığını diqqətə çatdırıblar.
Poliatlon çoxnövçülüyü proqramı üzrə yarışlar 100 metr məsafəyə qaçış, 2000 metr məsafəyə kross qaçışı, qumbara atma və turnikdə dartınma növləri üzrə keçirilmişdir. Keçirilən yarışın yekun nəticələrinə əsasən 1-ci yerə Azadkənd tam orta məktəbin, 2-ci yerə Baş Dizə kənd tam orta məktəbin, 3-cü yerə isə Tivi kənd tam orta məktəbin komandaları layiq görülüb. Sonda qaliblərə diplom, kubok və hədiyyələr təqdim olunub.