44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş baş leytenant Seymur Hüseynoğlunun anım günü keçirilib. Ordubad Rayon 3 nömrəli tam orta məktəbində keçirilən tədbirdə İcra hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin və Təhsil Şöbəsinin nümayəndələri, məktəbin pedaqoji heyəti, şagirdlər və şəhidin valideynləri iştirak ediblər.
Öncə dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib.
Tədbirdə çıxış edənlər belə qəhrəman, mərd və şücaətli oğul böyütdükləri üçün şəhidimizin valideynlərinə minnətdarlıqlarını bildirib, torpaqlarımızın azadlığı, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçən igidlərimizin, şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını vurğulayıblar.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin rəisi polkovnik Vüqar Rəhimli məktəblərdə bu cür tədbirlərinin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb, şəhidimizin timsalında bütün şəhidlərə Allahdan rəhmət diləyib.
Məktəb direktoru Anar Həsənli xalqımızın və ordumuzun birlik və bərabərliyini, yenilməzliyini dünyaya nümayiş etdirən Vətən müharibəmizdən söhbət açıb, məktəbin yetirməsi olan Seymur Hüseynoğlunun eyni zamanda vətənpərvərliyin ən ali məqamına yüksələn bütün vətən oğullarının azadlıq və yenilməzlik simvoluna çevrildiyini bildirib.
Çıxışların ardınca məktəb şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda mahnı və şeirlər səsləndirilib.
Anım günündə iştirak edən Şəhid Seymur Hüseynoğlunun valideynləri övladlarının xatirəsini yad edən, vətən yolunda göstərdiyi fədakarlıqları qiymətləndirən hər kəsə minnətdar olduqlarını bildiriblər.
Qeyd edək ki, Cəbrayıl uğrunda gedən döyüşlərdə yaralanaraq şəhidlik zivəsinə ucalan baş leytenant Seymur Hüseynoğlu ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.