Babək rayonunda Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin, Babək Rayon Məşğulluq Mərkəzinin və Babək Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə ordudan tərxis olunan gənclərlə görüş keçirilib.
Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin rəisi mayor Hafis Nəcəfov ordu sıralarından tərxis olunmuş gəncləri hərbi xidmətlərini şərəflə başa vurmaları münasibətilə təbrik edib. O, gənclərin şəxsiyyət kimi formalaşmasında həqiqi hərbi xidmətin əhəmiyyətindən, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Silahlı Qüvvələrimizin hərbi qüdrətindən söz açıb. İdarə rəisi qeyd edib ki, gənclərin məşğulluğunun təmin edilməsinin dövlətimizin əsas prioritet sahələrindən biridir.
Çıxışların ardından hərbi xidmətdən tərxis olunan şəxslərin vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına həmçinin, ictimai işlərə cəlb olunması, onların əmək bazarına inteqrasiyası, özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı məlumatlar verilib.
Sonda hərbi xidmətdən tərxis olunan gənclərə hərbi biletləri təqdim edilib.