Ordudan tərxis olunan gənclərlə maarifləndirici görüşlər davam edir.

Ordudan tərxis olunan gәnclәrin ən mühüm problemlərindən biri onların məşğulluğu, yeni ixtisaslara yiyәlәnmәsi və işlә təmin olunmalarıdır. Məşğulluq problemlərinin həlli istiqamәtindә hәyata keçirilən tədbirlər sosial-iqtisadi xarakter daşımaqla yanaşı, həm də gәnclәrin hərbi-vәtәnpәrvәrlik tәrbiyәsi baxımından mühüm әhәmiyyәt kәsb edir.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi və Şahbuz Rayon Şöbələrində Məşğulluq Mərkəzlərinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının ordu sıralarından tərxis olunan gənclərlə görüş keçirilib.

Çıxış edənlər hərbi xidmətdən tərxis olunan şəxslərin vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına həmçinin, ictimai işlərə cəlb olunması, onların əmək bazarına inteqrasiyası, özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı məlumatlar verib. Diqqətə çatdırılıb ki, müxtəlif peşələrə yiyələnmək istəyənlər qeydiyyata alınaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzinə təhsil almaq üçün göndəriləcəklər. Sonra gənclər onlara təqdim edilən boş iş yerləri ilə tanış olublar. Gənclərin, vakant iş yerlərinə, peşə hazırlığı kurslarına, haqqı ödənilən ictimai işlərə göndərilməsi məqsədilə qeydiyyatı aparılıb, mövzu ətrafında suallar cavablandırılıb.

Görüşdə ordudan tərxis olunan gənclərə hərbi biletləri təqdim olunub.