Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” nın icrası ilə əlaqədar 14 aprel 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi və Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının ordu sıralarından tərxis olunan hərbi vəzifəlilərin və işaxtaranların məşğulluqlarının təmin edilməsi məqsədi ilə tədbir keçirilmişdir.
İlk öncə Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi Anar Aqilov çıxış edərək Azərbaycan Respublikasının Ordu quruculuğundan, Ordumuzun 44 günlük vətən müharibəsində qazandığı tarixi zəfərdən, Xidmətin səfərbərlik zamanı fəaliyyətindən, vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğıdan həmçinin ordu sıralarından tərxis olunan hərbi vəzifəlilərin məşğulluqlarının təmin edilməsindən bəhs edib.
Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Elmar Eyvazov tərxis olunan gənclərimizə, işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunması məqsədilə Məşğulluq proqramı barədə məlumatlar vermiş onların peşə və ixtisaslarına uyğun işlə təmin olunmaları barədə istiqamət göstərmişdir.
Tədbirin gedişatında iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır. Məşğulluq Mərkəzinin əməkdaşları tədbir iştirakçılarına peşə seçiminə köməklik məqsədilə istiqamət vermiş, peşə hazırlığını artırmaq üçün müraciət edən gənclərin məlumatlarını qeydiyyata götürmüşlər.
Sonda hərbi xidmətdən tərxis olunan gənclərə hərbi biletləri təqdim edilib.