Aprelin 19-da Muxtar Respublika Stadionunda yaz çağırışına həsr olunmuş “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirmişdir ki, bu cür yarışların keçirilməsi Naxçıvan şəhərində yaşayan çağırışyaşlı və çağırışaqədərki gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, vətənpərvərlik hisslərinin aşılanmasına və gənclərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsinə kömək edir.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Səfər Tağıyev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Naxçıvan Şəhər İdarəsinin əməkdaşı baş leytenant Məhərrəm Əliyev çıxış edərək keçirilən yarışın məqsədi haqqında danışmış və komandalara uğurlar diləmişlər.
Keçirilən yarışda Naxçıvan şəhərindən 17 tam orta məktəbin komandası iştirak etmişdir. Komandalar 100 metr məsafəyə qaçış, 2000 metr məsafəyə qaçış, qumbara atma və turnikdə dartınma növlərində güclərini sınamışlar.
Yarışın yekununa əsasən 14 nömrəli tam orta məktəbin komandası I yerə, 15 nömrəli tam orta məktəbin komandası II yerə, 16 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülmüşdür. Sonda yer tutan komandalara təşkilatçıların diplom, fəxri fərman və kubokları verilmişdir.
Qeyd edək ki, I yerin qalibi olan 14 nömrəli tam orta məktəbin komandası Naxçıvan Muxtar Respublika zona birinciliyində Naxçıvan şəhərini təmsil edəcəkdir.