Poliatlon çoxnövçülüyü üzrə Naxçıvan şəhər məktəbliləri arasında birincilik keçirilib

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin, Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordusunun, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta ümumtəhsil məktəblərinin VIII və IX sinif şagirdləri arasında “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir.

Naxçıvan şəhər Gənclər və İdman idarəsinin rəisi Xəyal Qurbanov, Əlahiddə Ümumqoşun Ordunun zabiti polkovnik-leytenant Vahid Məmmədov, Naxçıvan şəhər Təhsil şöbəsinin nümayəndəsi Səfər Tağıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin zabiti baş leytenant Məhərrəm Əliyev tədbirdə çıxış edərək belə yarışların keçirilməsinin yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini qeyd ediblər. Yarışın qaydaları diqqətə çatdırılıb, komandalara uğurlar arzulanıb.

Birincilikdə 17 komandanın tərkibində 85 şagird poliatlon çoxnövçülük proqramına uyğun olaraq 100 və 2000 metr məsafəyə qaçış, qumbara atmaq və turnikdə dartınma növləri üzrə yarışıblar. Yekun nəticələrə əsasən, Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin komandası 1-ci yerə, 14 nömrəli tam orta məktəbin komandası 2-ci yerə, 10 nömrəli tam orta məktəbin komandası 3-cü yerə layiq görülüb. Yer tutan komandalara təşkilatçıların diplom, fəxri fərman və kubokları təqdim edilib, xatirə şəkli çəkdirilib.