Poliatlon çoxnövçülüyündə muxtar respublika birincisi bəlli olub

Çağırışaqədər və çağırışyaşlı məktəblilər arasında “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyinin final mərhələsi keçirilib. Muxtar Respublika Stadionunda baş tutan yarışda rayon (şəhər) mərhələlərinin qalibləri olmaqla ümumilikdə 8 komandadan 40 şagird proqram üzrə 100 metr məsafəyə qaçış, turnikdə dartınma, qumbaraatma və 2000 metr məsafəyə kros qaçışı üzrə mübarizə aparıb. Qalib və mükafatçılar müvafiq yarışlarda toplanan ümumi xalların cəminə əsasən müəyyənləşib.

Yekun nəticələrə əsasən "Şərur" komandası qalib adına layiq görülüb. Ordubad və Babək rayonlarını təmsil edən komandalar yarışı müvafiq ardıcıllıqla ikinci və üçüncü sıralarda tamamlayıblar.

Mükafatlandırma zamanı  təşkilatçı qurumların əməkdaşları çıxış edərək hər il təşkil olunan yarışın məqsədindən söhbət açıblar. Vurğulanıb ki,  “VMH” poliatlon çoxnövçülüyü yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi baxımından əhəmiyyətli idman oyunlarındandır.

Daha sonra qalib komandalar diplom, fəxri fərman və kubokla mükafatlandırılıblar.

Xatırladaq ki, birincilik Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri, tərəfindən birgə təşkil olunub.