Şərur rayon ərazisində yerləşən N saylı Sərhəd Zastavasında şagirdlər arasında “Sərhəd” hərbi idman oyunları təşkil olunub.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin, Şərur Rayon Gənclər və İdman İdarəsinin və Şərur Rayon Təhsil şöbəsinin birgə qərarı ilə keçirilən oyunun əsas məqsədi yeniyetmə və gənclərin dövlətçilik ideyalarına sədaqət ruhunda tərbiyə olunması, Vətənə məhəbbət, dövlətə sədaqət hissinin aşılanması və onlarda sərhədçi peşəsinə marağın artırılmasıdır.
Oyunlar sərhədyanı kənd orta məktəblərinin 10-cu sinif şagirdləri arasında keçirilib. Hər komandada 5 şagirdin mübarizə apardığı oyunda ümumilikdə 15 şagird iştirak etmişdir.
Xüsusi həvəslə iştirak etdikləri “Sərhəd” hərbi idman oyununda şagirdlər sıra hazırlığı, kəndirin dartılması, süni nəzarət zolağının yaradılması, avtomatın sökülüb-yığılması, maskalanma və maneələrin dəf olunması üzrə öz qüvvələrinin sınayıblar. Oyunun nəticələrinə əsasən 1-ci yerə Kərimbəyli kənd tam orta məktəbi layiq görülmüşdür.