Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsinin təşkilatçılığı ilə Sədərək rayon məktəbliləri rayon ərazisində yerləşən Tarix-Diyarşünaslıq Muzeyində olublar.
Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatların yer aldığı guşəni ziyarət edən şagirdlərə bütün varlığı ilə Vətənə və xalqa candan bağlı olan böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyevin xalqımız qarşısında göstərdiyi tarixi xidmətlərindən danışılıb.
Sədərək rayon 2 nömrəli tam orta məktəbin tarix müəllimi Elsevər Səfərli və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsinin baş zabiti kapitan Mərdan Amancayev də şagirdlərə dahi şəxsiyyətin Naxçıvan sevgisindən, Naxçıvanın bu günü və gələcəyi üçün gördüyü böyük işlərdən söhbət açıb, ulu öndərin vətənə, xalqına məhəbbətinin gələcəyimizin davamçısı olan bütün gənclərə örnək olduğunu qeyd ediblər.