“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsində hərbi xidmətdən tərxis olunmuş gənclərlə maarifləndirici görüş təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Agentliyinin Sədərək rayon Məşğulluq Mərkəzinin birlikdə təşkil etdiyi görüşün əsas məqsədi ehtiyata buraxılan gənclərin və digər işaxtaran vətəndaşların məşğulluqlarının təmin edilməsi olub.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsinin rəisi mayor Nüsrət Vəliyev vətən borcunu yerinə yetirib ordu sıralarından tərxis olunan gəncləri təbrik edərək gənclərin məşğulluqlarının artırılması, onların özünüməşğulluq proqramına və müvafiq peşə kurslarına cəlb olunması prosesinin dövlətimiz tərəfindən nəzarətdə saxlandığını diqqətə çatdırıb.
Görüş zamanı ehtiyata buraxılan gənclərin məşğulluqlarının təmin edilməsi məqsədilə vokant olan iş yerləri təklif edilmiş, peşə və ixtisası olmayan gənclərin peşə məktəblərində ixtisaslara yiyələnməsi barədə qeydiyyatlar aparılmışdır.
Sonda hərbi xidmətdən tərxis olunan gənclərə hərbi biletləri təqdim edilib.