Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin kollektivi Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin inzibati binasında anım mərasimi davam etdirilib.
Əvvəlcə şəxsi heyət Ulu Öndərin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elmar Tağıyev Azərbaycanın taleyüklü məsələlərinin məsuliyyətini öz çiyinlərində daşımış, Azərbaycanı bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət başçısı,milli lider və xalq məhəbbətini qazanan öndər kimi qəlbimizdə yaşayacağını diqqətə çatdırmışdır.
Daha sonra dahi şəxsiyyət, Azərbaycan Respublikasının əbədiyaşar Lideri Heydər Əliyevin mənalı ömür yolundan, xalqımız və ölkəmiz naminə göstərdiyi misilsiz xidmətlərindən bəhs edən sənədli filmə baxış olub.