Azərbaycan Respublikasının Prezidenti cənab İlham Әliyevin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canından keçmiş 6 şəhid, bu yolda sağlamlığını itirmiş 4 qazi və 11 müharibə iştirakçısı döyüş əməliyyatlarında göstərdiyi xüsusi qəhrəmanlıq və rəşadətə görə müxtəlif medallara layiq görülüblər. Babək Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Babək Rayon İdarəsinin təşkilatçılığı ilə şəhid ailələri və qazilərlə görüş keçirilib, medalların təqdimatı olub. Bu münasibətlə keçirilən tədbirdə əvvəlcə igid Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri, böyük Qələbəsi ilə yekunlaşdı, düşmən döyüş meydanında ordumuzun qarşısında diz çökdü, Müzəffər Ali Baş Komandanımız Cənab İlham Әliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində kapitulyasiya aktını imzalamağa məcbur oldu. Qeyd olunub ki, tarixi Zəfərin əsas siması olan və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə, qazilərə, həmçinin, müharibə iştirakçılarına dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Döyüşlərdə xüsusi rəşadət və qəhrəmanlıq göstərmiş hərbi qulluqçuların şərəfli döyüş yoluna Ali Baş Komandanımız tərəfindən yüksək qiymət verilib, onlar müxtəlif orden və medallara, yüksək fəxri adlara layiq görülüblər.
Sonra “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları şəhidlərin ailələrinə, qazilərə və müharibə iştirakçılarına təqdim olunub. Onlar göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq ediblər.