Şəhid Sərxan Salahovun doğum günü münasibətilə anım mərasimi keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin, Şərur Rayon İcra Hakimiyyətinin, Ağsaqqallar Şurasının əməkdaşlarının, şəhidin doğulduğu Ələki kəndinin sakinlərinin, ailə üzvlərinin və döyüş yoldaşlarının iştirakı ilə keçirilən mərasimdə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Qeyd olunub ki, vətənə ləyaqətlə xidmət edən, vətən torpaqlarının bütövlüyünü, azaldığını canını heçə sayaraq bərpa edən qəhrəman oğulların xatirəsi xalqımız tərəfindən hər zaman hörmət,sevgi və ehtiramla xatırlanacaq.

Sərxan Salahov 1991-ci il mart ayının 1-də, Şərur rayonunun Ələki kəndində anadan olub. Sərxan Salahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sərxan Salahov noyabr ayının 2-də Xocavənd döyüşlərində şəhid olub. Noyabr ayının 6-da Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Sərxan Salahov ölümündən sonra "Vətən uğrunda" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.