Şəhidimizin xatirəsi anılıb

Bu gün şəhid baş leytenant Xəlilli Namiq Həsən oğlunun doğulduğu gündür. Baş leytenant Xəlilli Namiq Həsən oğlu 25 fevral 1994-cü il tarixdə Ordubad rayonunun Azadkənd kəndində anadan olmuşdur. 2000-ci ildə Ordubad rayon Azadkənd kənd tam orta məktəbinin 1-ci sinifinə daxil omuş, 2009-cu ildə Heydər Əliyev adına Hərbi Liseyə və 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2016-cı ildə hərbi məktəbi bitirən Namiq Xəlilli Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmətə başlamışdır. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəmizdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Tərtər, Ağdərə istiqamətində  düşmənə qarşı mərdliklə mübarizə aparıb. 23 oktyabr 2020-ci il tarixində Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhramancasına şəhidlik məqamına yüksəlmişdir. Ölmündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Ordubad rayon Azadkənd kənd qəbirstanlığında dəfn olunmuşdur.

Şəhidin doğum günü münasibətilə anım mərasimi keçirilib. Təhsil aldığı Azadkənd tam orta məktəbində keçirilən mərasimdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin, Ordubad Rayon İcra Hakimiyyəti Aparatının,Ordubad Rayon Təhsil Şöbəsinin əməkdaşları, Ordubad Rayon Azadkənd tam orta məktəbinin pedaqoji kollektivi, şagirdləri, kənd ağsaqqalları və şəhidimizin doğmaları iştirak ediblər.

Əvvəlcə  torpaqlarımızın bütövlüyü və qorunması uğrunda canından keçən qəhrəman vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edənlər Vətən müharibəmizdə ordumuzun göstərdiyi qəhrəmanlıq və şücaətindən söhbət açaraq  44 günlük haqq davamızda bütün bölgələrimizdən pərvazlanan igidlər kimi Ordubadlı gənclərin də Vətən uğrunda, müstəqilliyimiz uğrunda mübarizədə, döyüşlərdə həmişə öncüllər sırasında olduğunu bildiriblər. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin rəisi polkovnik-leytenant Vüqar Rəhimli çıxış edərək şəhidimizin nümunəvi və peşəkar zabit kimi vətən borcunu yerinə yetirdiyini diqqətə çatdırıb.

Mərasimdə şəhid Namiq Xəlillinin qısa lakin şərəfli həyat yoluna nəzər salınıb. Şəhidin müəllimləri onunla bağlı xatirələrini və duyğularını bölüşüb. Daha sonra şagirdlər şəhidin xatirəsinə şeirlər səsləndiriblər. Mərasimdə iştirak edən şəhid atası Həsən Xəlilov oğlu və onun timsalında vətən yolunda canından keçən bütün vətən oğulları ilə qürür duyduğunu dilə gətirərək təşkilatçılara və iştirak edənlərə minnətdarlıq edib. Həsən Xəlilov Muxtar Respublikamızda şəhid ailələrinə göstərilən diqqət və qayğının şəhidlərin ruhuna hörmət və ehtiram nümunəsi olduğunu vurğulayıb.  

Mərasimdən sonra iştirakçılar  şəhidin məzarını ziyarət edərək onun və bütün şəhidlərimizin ruhuna dualar oxuyublar.