Şəhid Seymur Cabbarovun doğum günü münasibətilə məzarı ziyarət olunub.
Şərur Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin kollektivi və şəhidin yaxınları Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Seymur Cabbarov 1987-ci il martın 16-da Şərur rayonunun Çərçiboğan кəndində anadan olub. Azərbaycan Ordusunun kapitanı olan Seymur Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Cabbarov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.