Şərur rayonunun Çomaxtur kənd tam orta məktəbində Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin təşkilatçılığı ilə şəhid Aqil İsmayılovun anım tədbiri keçirilmişdir. Anım günündə Şərur rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin, Şərur rayon Təhsil Şöbəsinin, Çomaxtur kənd tam orta məktəbinin nümayəndələri,Çomaxtur kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Çomaxtur kənd tam orta məktəbində keçirilən tədbirdən əvvəl şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Daha sonra məktəbdə davam edən anım günündə əvvəlcə bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının himni səsləndirilib.
Tədbirdə Şərur rayon İcra Hakimiyyətinin şöbə müdiri Xəyal Bağırov, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin rəisi polkovnik-leytenant Həsən Məmmədov, idarə rəisinin müavini mayor Vilayət Əsədullayev, Çomaxtur kənd tam orta məktəbinin müəllimi Səməd Hüseynov çıxış edərək Aqil İsmayılovun şərəfli həyat yolundan, vətənpərvərliyindən danışılıblar. Vurğulanıb ki Şəhid Aqil İsmayılovun timsalında vətən uğrunda canını fəda edən bütün oğulların etdiyi fədakarlıq xalqımız üçün qiymətlidir. Bu gün hər birimizin ən böyük vəzifəsi torpaqlarımızı azadlığa qovuşduran igid vətən oğullarının xatirəsini yaşatmaq, gələcək nəsillərə ötürməkdir.
Şəhid atası Əli İsmayılov Aqilin göstərdiyi şücaətlərdən, oğlu haqqında xatirələrindən danışıb, bir ata olaraq müqəddəs amal uğrunda mübarizə aparıb, şəhadətə yüksələn oğlu ilə hər zaman fəxr etdiyini bildirib. Şəhid atası eyni zamanda şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıq edib.
Sonra məktəbin şagirdləri şəhidləri tərənnüm edən şeirlər səsləndirib, Ali Baş komandan İlham Əliyevin xalqa müraciəti, şəhid Aqil İsmayılovun xatirəsinə hazırlanmış videoçarxlar tədbir iştirakçılarına təqdim olunub.
Qeyd edək ki, şəhid Aqil İsmayılov 18 iyul 1996-cı ildə Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 2002-ci ildə Çomaxtur kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olur. 2009 -cu ildə 8-ci sinifi bitirərək Çəmşid Naxçıvanski adina Hərbi Liseyə qəbul olub. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2018-ci ildə "leytenant" hərbi rütbəsi ilə xidmətə başlayır. 1 il pilotluq kursları keçdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrə daxil olmaq üçün "Təməl komando kurslarına" qatılır. Aqil üçün ən ağır kurs Gürcüstan Dağ komando kursu olur, lakin 500 nəfər iştirakçıdan müvəffəqiyyətlə xidmətini tamamlayan 40 zabitdən biri olaraq kursu bitirir.
Azərbaycan Ordusunun leytenantı olan Aqil İsmayılov Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir. Xüsusi kəşfiyyat taqımının xüsusi kəşfiyyat qrup komandiri,çevik kəşfiyyat taqımının çevik kəşfiyyat qrup komandiri vəzifələrini yerinə yetirimiş, bir çox kursları fərqlənmə, sertifikat ve döş nişanı ile sonlandırmışdır.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Aqil İsmayılov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Şərur rayonunda dəfn olunub. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, Aqil İsmayılov "Kəlbəcərin azad olunmasına görə","Vətən uğrunda" ölümündən sonra "Hərbi xidmətlərə görə" və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.