Fevralın 23-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid Ruzi Əliağa oğlu İbrahimovun doğum günü münasibətilə anım mərasimi keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin, Şərur Rayon İcra Hakimiyyətinin, Ağsaqqallar Şurasının əməkdaşlarının, Yengicə kənd tam orta məktəbin kollektivinin və şəhidin yaxınlarının iştirakı ilə keçirilən mərasimdə şəhidin məzarı ziyarət olunub, onun timsalında torpaqlarımızın azaldığında qəhrəmanlıq nümayiş etdirən bütün şəhidlərimizin ruhuna dualar oxunub.
Azərbaycan Ordusunun çavuşu olan Ruzi İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruzi İbrahimov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən igid vətən oğlu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda" medalı (ölümündən sonra), "Azərbaycan Bayrağı" ordeni, "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.