Şərurda ordudan tərxis olunan gənclərlə görüş keçirilib

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin, Şərur Rayon İcra Hakimiyyətinin və Şərur Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə ordudan tərxis olunan gənclərin məşğulluğu ilə bağlı tədbir keçirilmişdir.

   Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin rəisi polkovnik-leytenant Həsən Məmmədov bildirmişdir ki, Azərbaycan gəncliyinin məşğulluğuna etibarlı zəmin hələ XX əsrin 70-ci illərində yaranmışdır. Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində gənclərin məişət, təhsil, mədəni tələbatının ödənilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülmüşdür. Gənclərin məşğulluğu daim dövlətin diqqət mərkəzində olmuş və bu diqqət Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən bu gün də ən yüksək səviyyədə özünü büruzə verməkdədir.

   Azərbaycan vətəndaşının, Azərbaycan gəncinin məşğulluğu siyasəti Muxtar Respublika rəhbərliyinin  də daim diqqət mərkəzində olmuş, bununla bağlı konkret olaraq iri layihələr həyata keçirilmişdir.

Şərur rayon Məşğulluq Mərkəzinin direktoru Samir Qasımov da çıxışında bildirmişdir ki, Azərbaycan Respublikasının beynəlxalq miqyasda öz layiqli yerini tutması gənclərin üzərinə də müəyyən vəzifələr qoyur. Bu gün ölkəmizdə, eləcə də Muxtar Respublikamızda vətəndaş cəmiyyətinin inkişafında aparıcı rol oynayan gənclərin  fəallığı dəstəklənməkdədir

       Tədbirdə gənclərin vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Ordudan tərxis olunan gənclərə yiyələnə biləcəkləri peşələr haqqında məlumatlar verilmişdir.

Sonda hərbi xidmətdən tərxis olunan gənclərə hərbi biletləri təqdim edilib.