Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin zabitləri, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin nümayəndələri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, məktəbin müəllim heyəti və şagirdlər iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra çıxışlar dinlənilib. Diqqətə çatdırılıb ki, Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla iyun ayının 26-sı Silahlı Qüvvələr Günü elan olunub. Bildirilib ki, Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordunun yaradılması Ümummilli Liderimizin adı ilə bağlıdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Qeyd olunub ki, 2020-ci ildə ordumuzun qazandığı böyük zəfər Silahlı Qüvvələrimizin gücünün və qüdrətinin göstəricisidir. Azərbaycan Ordusunun güc və qüdrətinin təbliği, Vətənə məhəbbətin tərənnümü həmçinin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi istiqamətində də bilavasitə təhsil işçilərinin üzərinə böyük vəzifələr düşdüyü vurğulanıb.
Sonda məktəblilər vətənpərvərlik ruhunda hazırladıqları dolğun ədəbi-bədii proqramla çıxış ediblər.