“Ümummilli lider Heydər Əliyev dahi şəxsiyyətdir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

 Aprelin 4-də Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin və Şərur Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ümummilli lider Heydər Əliyev dahi şəxsiyyətdir” mövzusunda Şərur məktəbliləri arasında inşa yazı müsabiqəsi keçirilmişdir.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunduqdan sonra müsabiqənin şərtləri izah edilib, müsabiqəyə start verilib, şagirdlərə uğurlar arzulanıb.

Şərur rayonundan 15 məktəbdən 30 şagirdin iştirak etdiyi müsabiqədə şagirdlər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə inşa yazıblar.

Müsabiqənin yekununa görə Kərimbəyli kənd tam orta məktəbin şagirdi Məmmədova Nurtən 1-ci yerə, Düdəngə kənd tam orta məktəbin şagirdi Əliyarova Qumru 2-ci yerə,  Çomaxtur kənd tam orta məktəbin şagirdi Əliyeva Elif 3-cü yerə layiq görülüb.

Yekunda yer tutan şagirdlərə təşkilatçıların fəxri fərman və hədiyyələri təqdim edilib, xatirə şəkli çəkilib.