Gənclərin Vətən müharibəsi iştirakçıları ilə növbəti dəfə görüşü təşkil olunub. “Naxçıvan Gənclik Mərkəzində” təşkil olunan görüş Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşıb. Qələbəmizin il dönümü ərəfəsində keçirilən görüşün əsas məqsədi Vətən müharibəsində yaralanmış qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti gənclərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub.
Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş zabiti Nurlan Məhərrəmov və Gənclər Fondunun əməkdaşı Xanım İbrahimova çıxışlarında 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş yenilməz Azərbaycan Ordusunun hər bir üzvünün fədakarlıqlarından danışıblar.
Qeyd olunub ki, Muxtar Respublikamızda qazilərimizə və şəhid ailələrinə həm dövlətimiz tərəfindən həm də yerli əhali tərəfindən daim xüsusi diqqət və qayğı göstərilir.
Görüşdə çıxış edən Vətən müharibəsi iştirakçısı “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş baş leytenant Hüseyn Həsənov keçdikləri döyüş yolu, ordumuzun şücaəti, şəhidlərimizin qəhrəmanlığı haqqında danışaraq bu gün dövlətimizin qazilərə və şəhid ailələrinə olan diqqət və qayğısından da bəhs edib, razılığını dilə gətirib. Hüseyn Həsənov Vətənimizin düşmən işğalından azad olunmasını müjdələyən Zəfər Günü münasibətilə də hər kəsi təbrik edib.
Çay süfrəsi ətrafında səmimi söhbət davam edərkən qazilərimiz gənclərin müharibə dövrü ilə bağlı suallarını cavablandırıb, onlarla döyüş xatirələrini bölüşüb.
Vətən müharibəsi iştirakçılarına Təşəkkürnamələr təqdim olunduqdan sonra gənclər Vətən müharibəsi iştirakçıları ilə “Görünməyən qəhrəmanlar-Bizim torpaq” filmini izləyiblər.