Bir qrup könüllü gəncin Vətən müharibəsi iştirakçıları ilə görüşü təşkil olunub. “Naxçıvan Gənclik Mərkəzində” təşkil olunan görüş Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutub. Görüşün keçirilməsində məqsəd Vətən müharibəsində yaralanmış qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti gənclərə daha dərindən aşılamaq və onların vətənə məhəbbət ruhunun yüksəldilməsindən ibarət olub.
Təşkil olunan görüşdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş zabiti Nurlan Məhərrəmov və Gənclər Fondunun əməkdaşı Xanım İbrahımova çıxışlarında Vətən toprağını azaldığa qovuşduran, zəfər sevincini bizə yaşadan ordumuzun hər bir qəhrəman oğlunun göstərdiyi igidlik və mərdliyin xalqımız üçün fəxarət, qürur mənbəyi olduğunu dilə gətiriblər. Qeyd olunub ki, Muxtar Respublikamızda qazilərimizə və şəhid ailələrinə həm dövlətimiz tərəfindən həm də yerli əhali tərəfindən daim xüsusi diqqət və qayğı göstərilir. Çıxış edənlər böyük qələbəmizdə rolu olan qazilərimizə öz təşəkkürlərini bildiriblər.
Görüşdə çıxış edən Vətən müharibəsi iştirakçısı, “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş baş leytenant Fərdi Cəlilov da o günləri bir daha yada salaraq bildirib ki, elə döyüşlər başlanan gündən sona qədər gedəcəklərinə, xalqımızı qələbə ilə müjdələyəcəklərinə inanırdılar. Qazi bu gün torpaqlarının azaldığa qovuşmasında rolu olan bir vətən övladı olmaqla qürur duyduğunu bildirib,onlara göstərilən diqqətə görə minnətarlıq edib.
Çay süfrəsi ətrafında gəncləri maraqlandıran sualların cavablandırıldığı görüşdə hərbçilərimiz onları həvəslə dinləyən gənclərlə döyüş xatirələrini bölüşüb, vətən sevgisi ilə yaşamağın, ölkəmizin müstəqilliyinə xidmət etməyin qürurverici olduğunu vurğulayıblar. Gənclər isə şəhidlərimizin və hərbçilərimizin həyat yolunun vətənpərvərlik məktəbi olduğunu və bu məktəbdən hər zaman bəhrələnəcəklərini bildiriblər.
Sonra Vətən müharibəsi iştirakçılarına Təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, birgə əməkdaşlıq çərçivəsində təşkil olunan belə görüşlər ilin sonuna qədər davam edəcək.